ATİAHİ İmişli rayon komitəsində Birinci Qarabağ və parlaq Qələbəmizlə başa çatan Vətən müharibəsi şəhidlərinin ailə üzvləri ilə görüş keçirilib. Rayon komitəsinin sədri Ə.Şirinov tədbirdə çıxış edərək bildirib ki, biz 200 illik münaqişədən, 30 illik müharibədən qalib çıxdıq. Ermənistan işğalına son qoyuldu, şəhidlərimizin qisası döyüş meydanında layiqincə alındı. Zəfər qazanmağımızda böyük pay sahibi həm də şəhidlərimizin, qazilərimizin, veteranlarımızın valideynləri, ailə üzvləridir. Təbii ki, müharibə itkisiz ötüşmür, cəsur oğullarımızı itirdik. Amma buna baxmayaraq, şəhid anaları, ataları, onların həyat yoldaşları, övladları başını dik tutdu, əsl vətənpərvərlik ruhu nümayiş etdirdilər, Vətəni bütün dəyərlərdən ali hesab etdilər.
Görüşdə həmçinin rayon Təhsil sektorunun müdiri K.Kərimov və baş məsləhətçi V.Tağıyevin çıxışları dinlənilib.
Sonda 65 nəfər iştirakçıya fəxri fərman verilib və onlara maddi-mənəvi dəstək göstərilib. Qeyd edək ki, tədbirin ardından rayon ərazisindəki Şəhidlər xiyabanı ziyarət olunub, məzarlar üzərinə güllər düzülüb.