Sentyabrın 7-də İmişli rayonunda bu il ali məktəblərə keçirilən qəbul imtahanlarında yüksək nəticələr göstərən rayon gəncləri ilə görüş keçirilib. ATİAHİ İmişli rayon komitəsinin dəstəyi ilə baş tutan tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, İmişli rayon Təhsil sektorunun müdir əvəzi Vahid Tağıyev, rayonun Qaralar kənd tam orta məktəbinin direktoru Bikə Məmmədova və digər şəxslər iştirak ediblər.
İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev Prezident İlham Əliyevin təhsilə olan diqqət və qayğısından, ölkənin bir çox ümumtəhsil məktəblərində əsaslı təmir və yenidənqurma işlərinin aparılmasından, onların maddi-texniki bazasının zənginləşdirilməsindən danışıb.
Təhsil sahəsində görülən işlərdə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun rolu da xüsusi olaraq qeyd edilib.
Görüş iştirakçıları respublikamızda təhsilin inkişafına göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
E.Rzayev əldə edilən nəticələrə görə bütün təhsil müəssisəsinin müəllimlərinə təşəkkür edib və yeni təhsil ilində daha yüksək nəticələr əldə etməyi, uğurlar qazanmağı arzulayıb.
Sonda tələbələr Fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıb.