İyulun 22-də İmişli rayonunda 2021-2022-ci il tədris ilində ümumi və tam orta təhsil səviyyəsini fərqlənmə attestatı ilə bitirmiş şagirdlərlə görüş keçirilib.
ATİAHİ İmişli rayon komitəsinin təşkilatçılığı ilə baş tutan tədbirdə fərqlənmə attestatı almış 10 şagird, həmin məktəblərin direktorları, valideynlər və Mil-Muğan Regional Təhsil İdarəsinin İmişli rayon sektorunun müdiri Vahid Tağıyev iştirak ediblər. Tədbirdə çıxış edən V.Tağıyev, rayon komitəsinin sədri Ə.Şirinov, məktəb direktorları və valideynlər dövlətimizin təhsil siyasətindən, əldə olunan nailiyyətlərdən, İmişli rayonunda təhsil sahəsində qazanılan uğurlardan, görülən işlərdən bəhs ediblər, fərqlənən gənclərə gələcək təhsillərində müvəffəqiyyətlər arzulayıblar.
Şagirdlər onlara göstərilən diqqət və qayğıdan razı qaldıqlarını, bundan sonra da təhsillərini uğrla davam etdirəcəklərini, daha böyük nailiyyətlərə imza atmaq üçün səylə çalışacaqlarını qeyd ediblər.
Sonda həmin şagirdlərə ATİAHİ İmişli rayon komitəsi tərəfindən fəxri fərman və qiymətli hədiyyələr verilib.