İmişlidə şəhidlərimizin xatirəsi əbədiləşdirilir

İmişli rayonun Gövhərli kənd tam orta məktəbində şəhidlərin adına sinif otağının açılışı olub. Tədbirin keçirilməsinə və sinif otağının tərtibatına ATİAHİ İmişli rayon komitəsi tərəfindən vəsait ayrılıb. Açılış mərasimində şəhid valideynləri, kənd ağsaqqalları və ATİAHİ İmişli rayon komitəsinin sədri Əlimirzə Şirinov iştirak edib. Əlimirzə Şirinov çıxışında bildirib ki, Vətəni qanı, canı bahasına azadlığa qovuşduran şəhidlərimizə, qazilərimizə, veteranlarımıza hər zaman borcluyuq. Şəhid ailələrinin, qazilərin, veteranların sosial müdafiəsinin gücləndirilməsi Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim diqqət mərkəzində olub. Azərbaycan həmkarlar ittifaqları da dövlətin bu növ sosial təşəbbüslərində yaxından iştirak edir. O vurğulayıb ki, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi istiqamətində də mühüm addımlar atılır, onların adına küçələr verilir, xiyabanlar salınır. Gövhərli kənd məktəbində də şəhidlərimizin adına sinif otağının yaradılması bu məqsədə xidmət edir. İnanırıq ki, şəhidlərimizin xatirəsi qədrbilən xalqımızın qəlbində daim yaşayacaqdır. Digər çıxış edənlər də bizi Qələbəyə qovuşduran şəhidlərimizi heç vaxt unutmayacaqlarını, onların ailələrinə dəstək olacaqlarını bildiriblər. 
 

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo