Bu gün dünyanın üzləşdiyi ən böyük təhlükələrdən biri artıq qlobal xarakter daşıyan iqlim dəyişikliyidir. Məlumdur ki, Azərbaycan etibarlı və məsuliyyətli dövlət olaraq iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizədə ön sıralarda gəlir. Bu istiqamətdə görülən tədbirlərin davamı olaraq 2024-cü il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan olunub. Və bu çərçivədə Azərbaycanda müxtəlif səviyyələrdə müvafiq işlər aparılır. Azərbaycan həmkarlar ittifaqları da “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar silsilə tədbirlər təşkil edir, bir sıra layihələr həyata keçirir.
Belə tədbirlərdən biri də ATİAHİ İmişli rayon komitəsi tərəfindən məktəblilər arasında keçirilib. Məktəblilər müxtəlif nominasiyalar üzrə təşkil olunan müsabiqəyə qatılaraq öz əl işlərini və rəsm əsərlərini təqdim ediblər.
Qaliblərin mükafatlandırılması mərasində çıxış edənlər bildiriblər ki, Azərbaycanda ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritetdir. Həmin ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur.
Vurğulanıb ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir.
Çıxışlardan sonra müsabiqə qaliblərinə ATİAHİ İmişli rayon komitəsi tərəfindən hədiyyələr və diplom verilib.